Fikrət Əmirovun əsərinin mənimsənilməsinin qarşısı alınıb

Məmmədzadə Zərintac 04/09/2020

Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Kor ərəbin mahnısı” əsərinin musiqisi Belçikada yaşayan Vardan Hovanissian və Emre Gültekin  mənimsəyərək  “Houcher” adı altında “Karin” musiqi albomuna daxil edilib. Eyni zamanda musiqi www.bandcamp.com onlayn satış saytında, o cümlədən “YouTube” kanalında yerləşdirilib.

"XəbərBuro" xəbər verir ki,  Əqli Mülkiyyət Agentliyi məlumat yayıb.

 Fikrət Əmirovun vərəsələrinin Əqli Mülkiyyət Agentliyinə müraciəti əsasında bu hüquq pozuntusunun qarşısının alınması üçün müvafiq tədbirlər görülüb və məsələnin tam həll olunması istiqamətində işlər davam etdirilir.

Agentlik  hüquq pozuntusunun aradan qaldırmaq tələbi ilə Vardan Hovanissian və Emre Gültekinə məktub göndərilib. Həmçinin “Houcher” adlı musiqi əsərinin “Youtube” kanalından çıxarılması tələbi ilə həmin kanalın Administrasiyasına müraciət ünvanlanıb.

Məsələyə dair Agentliyin hazırladığı Arayış Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyinə də göndərilərək Fikrət Əmirovun pozulmuş müəllif hüquqlarının bərpası və hüquq pozucularına – Vardan Hovanissian və Emre Gültekinə münasibətdə müvafiq tədbirin görülməsi üçün Belçikanın müvafiq dövlət qurumu qarşısında məsələ qaldırılması xahiş edilib.

Agentliyin Fikrət Əmirovun vərəsələrinə də bütün hüquqi yardımlar edilib və müvafiq məsləhətlər verilib.

Görülən tədbirlərin nəticəsi olaraq, “Karin” musiqi albomunun istehsalçısı olan Belçikanın “Muziekpublique” şirkətindən Agentliyə daxil olmuş məktubda edilmiş səhvə görə üzr istənilib və yaxın zamanda tələb olunmuş bütün dəyişikliklərin ediləcəyi bildirilib. “Muziekpublique” şirkəti tərəfindən Fikrət Əmirovun vərəsələrinə də məktub yazılaraq üzr istənilib və Vardan Hovanissian tərəfindən bu musiqinin folklor nümunəsi olduğu düşünüldüyü üçün bu səhvi etdiyi qeyd edilib.

Atılmış addımlar nəticəsində www.bandcamp.com saytında “Houcher” musiqisinin məlumat hissəsində dəyişiklik edildikdən sonra bu musiqinin bir tərəfdən folklor nümunəsi (trad - ənənəvi musuqi) olduğu, digər tərəfdən isə bəstəkar Fikrət Əmirovun “Kor ərəbin mahnısı” əsasında yaradıldığı göstərilib. Lakin bütün bunlar məsələnin mahiyyətinə qeyri-müəyyənlik gətirmək məqsədi daşıyır. Nəticə etibarilə Vardan Hovanissian və Emre Gültekin folklorun qorunması üzrə beynəlxalq alətin olmamasından istifadə edərək özlərinə bəraət qazandırmaq və məsuliyyətdən yayınmaq məqsədi güdürlər.

Halbuki “Kor ərəbin mahnısı” müəllif əsəridir və orijinal əsər kimi 1963-cü ildə qeydiyyatdan keçirilib.

Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern Konvensiyasının 12-ci maddəsinə əsasən, ədəbi və bədii əsərlərin müəllifləri öz əsərlərinin dəyişilməsi, aranjeman və digər dəyişikliklər edilməsinə icazə vermək müstəsna hüququna malikdirlər.

Müəllif hüquq sistemində aranjeman - əsərin yenidən işlənməsi deməkdir. Aranjemanın kommersiya məqsədilə edildiyi halda əsərin müəllifi, hüquq sahibi və ya vərəsələrindən lisenziya (icazə) alınmalıdır.

“Bununla yanaşı, YouTube kanalında “Houcher” əsəri haqqında yerləşdirilən məlumatda da “Houcher - Vardan Hovanissian – Emre Gültekin – Fikrat Amirov” kimi düzəliş edilib. Lakin əsərin tək müəllifi var, o da Fikrət Əmirovdur. Vardan Hovanissian və Emre Gültekin isə həmin əsərin yalnız ifaçılarıdır və üstəlik, əsərin adını icazəsiz dəyişdirənlərdir.

Hazırda pozulmuş hüquqların bərpası üçün Əqli Mülkiyyət Agentliyi tərəfindən Fikrət Əmirovun vərəsələrinə hüquqi yardımların edilməsi davam etdirilir. Agentlik və bəstəkarın vərəsələri “Muziekpublique” şirkətinə qarşı Fikrət Əmirovun müəllif hüquqlarını pozmaqla “Houcher” adı altında YouTube-da və digər media platformalarında yerləşdirilmiş musiqi əsərinin ümumiyyətlə çıxarılması tələbini irəli sürüblər”, - deyə məlumatda əks olunub.

Bu məsələlər və plagiatçılıqla məşğul olanlara qarşı tələblərin yerinə yetirilməsi Əqli Mülkiyyət Agentliyinin ciddi nəzarətindədir.