Bu gün Milli Musiqi Günüdür

Leyla Aliyeva 18/09/2020

Milli musiqi günü dahi bəstəkar Üzeyir Hacıbəyovun doğum günü ilə bağlıdır. Xalqımız bu günü Milli Musiqi günü kimi qeyd edir. Çünki milli musiqimiz, mədəniyyətimiz öz inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyova borcludur.

"XəbərBuro" bildirir ki, 1995- ci ildə Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.

Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını Maestro Niyazi qoymuşdur. Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. Ənənəvi olaraq bu günü Azərbaycan Dövlət Konservatoriyasının (indiki - Bakı Musiqi Akademiyası) önündə minlərlə insan toplaşırdı. Burada Üzeyir Hacıbəyovun adını daşıyan Azərbaycan Dövlət Simfonik Orkestri Niyazinin rəhbərliyində bəstəkarın əsərlərini ifa edərdi.

Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyli 1885-ci il sentyabrın 18-də Şuşada anadan olub. O,dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi, Azərbaycanın əməkdar incəsənət xadimi (1935), SSRİ xalq artisti (1938), Stalin mükafatı laureatı (1941), "Lenin Ordeni" və "Qırmızı Əmək Bayrağı" ordeni laureatı, Azərbaycan Elmlər Akademiyasının akademiki (1945), professor (1940), Azərbaycan Bəstəkarlar İttifaqının sədri (1938-1948), Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1928-1929, 1939-1948), Azərbaycan EA İncəsənət İnstitutunun direktoru (1945-1948) olub.