Güləş millimiz ilk gündə iki medal qazandı

Esed Abasli 14/12/2020

Güləş millimiz ilk gündə iki medal qazandı Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə Fərdi Dünya Kubokunda Azərbaycan millisi ilk medallarını qazanıb.

Oxu.Az-ın xəbərinə görə, yunan-Roma güləşi üzrə millimizdən ilk medal yarışına çıxan dünya və Avropa çempionu Eldəniz Əzizli (-55 kq) olub. Bu gün təsəlliverici görüşdə Ermənistan təmsilçisi Rudik Mkrtçyana vaxtından əvvəl (9:0) qalib gəlmiş Eldəniz bürünc medal yarışına çıxıb.

O, Qırğızıstan təmsilçisi Balbay Dordokova 3:0 hesabı ilə qalib gələrək ilk dəfə keçirilən bu turnirin bürünc medalını qazanıb. Həmçinin yeniyetmələrin Olimpiya çempionu olmuş İslambəy Dadov (-67 kq) həlledici görüşə çıxıb. Dünən 1/4 finalda Ermənistan təmsilçisi Slavik Qalstyana 7:4 hesabı ilə qalib gəlmiş dağıstanlı legionerimiz Rusiyanı təmsil edən çeçen Nazir Abdullayevlə finalda görüşüb. Lakin Azərbaycan təmsilçisi son saniyələrdə rəqibinə xal verərək uduzub – 1:2. Bununla da Azərbaycan ilk medal gününü bir gümüş və bir bürünc medalla başa vurub.

Qeyd edək ki, sabah yunan-Roma güləşi yarışına yekun vurulacaq və daha iki medal qazanmaq şansımız var. Taleh Məmmədov (-63 kq) bürünc medal qazanmaq üçün təsəlliverici yarışa çıxacaq. Gürcü legionerimiz Beka Kandelaki (-130 kq) isə bürünc medal görüşündə qüvvəsini sınayacaq.